CƏMİYYƏT
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi rayonu 6-cı mikrorayon ərazisində keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini Fərqan Əlili saxlanılıb. Şəxsi axtarış zamanı onun əl çantasından ümumi çəkisi 1 kiloqram olan heroin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxs hələlik adı istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda heroini qəbul edib və satışını təşkil etmək istəyib.
Fərqan Əlili barəsində 7-ci polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.