İQTİSADİYYAT
Bakıda nəqliyyatçıların əmək hüquqlarının həmkarlar ittifaqları tərəfindən müdafiəsi müzakirə olunur
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 27-28-də Bakı şəhərində Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası və Nəqliyyatçıların Həmkarlar İttifaqları Beynəlxalq Birlikləri ilə birgə “Nəqliyyatçıların əmək hüquqlarının həmkarlar ittifaqları tərəfindən müdafiəsi” mövzusunda VII beynəlxalq regional konfransı keçirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfransın işində Beynəlxalq Əmək Təşkilatının, Nəqliyyatçıların Beynəlxalq Federasiyasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının, MDB və Baltikyanı ölkələrin nəqliyyat işçilərinin 30 həmkarlar ittifaqından 80 nümayəndə iştirak edir. Konfransa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, “Azərbaycan Dəmir Yolları” QSC-nin və Respublika nəqliyyatçılarının həmkarlar ittifaqları komitələrinin rəhbərləri də dəvət olunub.
Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının sədri Nikolay Nikiforovun sədrliyi ilə keçirilən tədbirdə konfransın təşkilat komitəsinin sədri Gennadi Kosolapov giriş sözü ilə çıxış edib.
Sonra Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibinin müavini Natalya Podşibyakina, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, Nəqliyyatçıların Beynəlxalq Federasiyasının dənizçilər seksiyası sədrinin birinci müavini Tomas Abraxamsson və nümayəndə heyətlərinin rəhbərləri çıxış edib.
Tədbirin ikinci günü Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiya Şurasının 54-cü sessiyası keçiriləcək.
Asudə vaxtlarda seminar iştirakçıları üçün Bakının tarixi və görməli yerlərinə, Nabrandakı “Lokomotov” İstirahət Mərkəzinə ekskursiyalar da təşkil olunacaq.