İDMAN
Bakıda peşəkar boksçular arasında EBA Avropa kəməri uğrunda döyüş keçiriləcəkdir
Bakı, 2 sentyabr (AZƏRTAC). Sentyabrın 3-də Bakıda peşəkar boks üzrə EBA Avropa kəməri uğrunda yarış keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində bununla bağlı mətbuat konfransı olmuşdur.
Tədbirdə Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti (ADBF) Arif İbrahimov, Əməkdar Məşqçi Zahid Əliyev, peşəkar boksçu Əli İsmayılov, beynəlxalq referi Xuan Mariel və başqaları iştirak etmişlər.
ADBF-ın prezidenti Arif İbrahimov sentyabrın 3-də Bakı İdman Sarayında keçiriləcək döyüş barədə danışmışdır. Bildirmişdir ki, bu döyüş Bakıda təşkil olunacaq ilk kəmər versiyalı yarışdır.
Daha sonra döyüşəcək idmançıların supervayzer nəzarəti altında çəkiləri rəsmi şəkildə təsdiq olunmuşdur. Rinqə çıxacaq döyüşçülərin çəkiləri belədir: gürcüstanlı idmançı Ruqzak Marqriaşvili 61,5 kiloqram, Ağəli Abışov 59, Baçiva Kvaraçxelli 64,4, Şahlar Nağıyev isə 63 kiloqram.
Əməkdar Məşqçi Zahid Əliyev bildirmişdir ki, əgər idmançı ikinci görüşdə də qalib gələrsə, reytinqdəki yerini möhkəmləndirəcək və bundan sonrakı görüşlərini o, öz istədiyi rəqiblə deyil, məhz komissiyanın təyin etdiyi idmançı ilə keçirəcəkdir. Natiq Azərbaycanda peşəkar boks üzrə ilk dəfə keçirilən turnirin “İnterkontinental” kəməri uğrunda yarış olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycanı uzun illər peşəkar boks sahəsində beynəlxalq yarışlarda təmsil etmiş tanınmış idmançı Əli İsmayılov karyerasını başa vurduğunu bildirmişdir. İndiyədək Azərbaycanı layiqincə təmsil etməyə çalışdığını deyən Ə.İsmayılov, bundan sonra məşqçi kimi Azərbaycan idmanının inkişafına öz töhfəsini vermək niyyətində olduğunu söyləmişdir.