CƏMİYYƏT
Bakıda polis ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib
Bakı, 16 may, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları paytaxt ərazisində avtobuslarda, ticarət məkanlarında cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Sumqayıt şəhər sakinləri Dilşad Ağammədova və bacısı Fəridə saxlanılıblar. Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xətləri ilə hərəkət edən avtobuslarda, həmçinin ticarət obyektlərində 10-a yaxın şəxsin cibindən pul, mobil telefonlar və digər qiymətli əşyalar oğurladıqları məlum olub.
Hər iki bacı ifadələrində cibgirlik edən zaman kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiklərini bildiriblər. Onların törətdikləri hadisələrin bir neçəsi, həmçinin cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsilə də lentə alınıb. Dilşad Ağammədova və Fəridə Ağammədova cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaları və içində olan sənədləri tulladıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarını bildiriblər.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Sumqayıt şəhər sakini Yaşar Məmmədli tutulub. Əldə olunan kamera görüntülərindən və bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri zamanı müəyyənləşdirilib ki, o, hər gün Sumqayıtdan Bakıya gələrək paytaxt ərazisində avtobuslarda cibgirliklər edib.
Saxlanılan zaman Yaşar Məmmədlinin üzərindən heroin və cibgirlik edən zaman əldə etdiyi bank kartlarından bəziləri aşkarlanaraq götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Dilşad Ağammədova, Fəridə Ağammədova və Yaşar Məmmədlinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verə bilərlər.