İDMAN
Bakıda qadın futbolunda kütləviliyin artırılması ilə bağlı festival keçirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə 6-16 yaşlı qızlar arasında “Öz məqsədlərini yaşat” (“Live your goals”) festivalı təşkil olunacaq.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, layihə ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FIFA qadınlar arasında futbol üzrə dünya kuboku ərəfəsində reallaşıb. Layihənin məqsədi qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi məşğul olmalarına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın gücləndirilməsidir.
“Öz məqsədlərini yaşat” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə silsilə tədbirlər 2012-ci ildə 17 yaşadək qadınlar arasında dünya çempionatı ərəfəsində keçirilib. Həmin vaxt festival Bakı, Sumqayıt, Zaqatala, Quba, Şəki, Masallı, Qax, Xaçmaz, Qəbələ və digər şəhərlərdə müvəffəqiyyətlə təşkil olunub. Silsilə tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları da iştirak ediblər.