REGİONLAR
Bakıda qanunsuz fəaliyyət göstərən ət sexi aşkar edilib
Bakı, 9 yanvar, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan reydləri davam etdirir.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildirilib ki, qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Xidmətin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən Məmmədağa İbrahimova məxsus "Təzə bazar" MMC-də reyd keçirilib.
Yanvarın 6-da keçirilən reyd zamanı “Təzə bazar” MMC-nin ət satışı şöbəsinin yanında gecələr gizli, qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış əti sümükdən ayıran sex aşkar edilib. Sexə baxış keçirərkən 14 ədəd hissələrə bölünmüş 320 kq və 5 ədəd ağ polietilen torbalarda 64 kq sümükdən ayrılmış heyvan əti, həmçinin daxili orqanları aşkar edilib.
Ümumi çəkisi 445 kq olan heyvan əti və daxili orqanların mənşəyinə və sağlamlığına dair heç bir sənəd təqdim olunmadığı üçün baytarlıq qanunvericiliyinə uyğun olaraq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticələri məlum olana qədər aşkar olunan heyvan əti və daxili orqanlar müvəqqəti saxlanması üçün komissiyanın iştirakı ilə soyuducu kameraya yerləşdirilərək möhürlənib.
Götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul edilərək tədbirlər görüləcək.