CƏMİYYƏT


Bakıda qanunsuz fəaliyyət göstərən qumarxananın təşkilatçıları polis əməkdaşları tərəfindən saxlanılıblar VİDEO

Bakı, 22 yanvar, AZƏRTAC

Qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi gizli obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə paytaxtın Nəsimi rayonunun S.Vurğun küçəsində yerləşən mənzillərdən birində “Texas Holdem Poker” adlı kart qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətin əsas təşkilatçıları - paytaxt sakinləri Elçin Quliyev və Rüfət Yüzbaşov, həmçinin orada qumar oynayan daha səkkiz nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma zamanı E.Quliyevin R.Yüzbaşovla birlikdə kirayəyə götürdükləri həmin mənzildə qanunsuz poker qumar oyunları təşkil etdikləri sübuta yetirilib.

Evə baxış zamanı kartlar, çoxlu sayda oyun fişləri, qumar oyunlarına qoyulan əsasən xarici valyutadan ibarət külli miqdarda pul vəsaitləri, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin istintaq şöbəsində cinayət işi başlanılıb. E.Quliyev və R.Yüzbaşov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.