CƏMİYYƏT
Bakıda qonşusunun evindən 1300 manat pul oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 6 iyun, AZƏRTAC
İctimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməlləri törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri Nərimanov rayonu ərazisində baş verib. Belə ki, iyunun 2-də gecə saatlarında paytaxt sakini Asəf Nuruşov Koroğlu Rəhimov küçəsində xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına yaxınlaşaraq evinə naməlum şəxsin oğurluq məqsədilə daxil olduğunu bildirib və polislərdən kömək istəyib.
Polislər dərhal adekvat reaksiya göstərərək oğurluq niyyəti ilə evə daxil olmaqda şübhəli bilinən şəxsi saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə təhvil veriblər. Şöbədə həmin şəxsin Zəngilan rayon sakini Sahil Mahmudov olduğu müəyyən edilib. Onun üzərindən mənzildən oğurladığı 1300 manat pul aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində zərərçəkənin qonşusu olduğunu və oğurluq məqsədilə mənzilə daxil olduğunu etiraf edib.
Faktla bağlı araşdırmalar və istintaq tədbirləri davam etdirilir.