CƏMİYYƏT
Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 21-də Yasamal rayonunda B.Məcidov küçəsində yerləşən mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əsginasın, avqustun 23-də isə Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əsginas verilməsi ilə bağlı polisə məlumat verilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyə saxta əskinas buraxmaqda şübhəli bilinən şəxs - paytaxt ərazisində kirayə yaşayan Xaləddin Məmmədov və pulları hazırlayan, əvvəllər məhkum olunan Ağcabədi rayon sakini Rəşadət Hacıyev saxlanılıblar. Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X.Məmmədovdan əlavə olaraq 8 ədəd saxta 50 manatlıq əsginaslar götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.