İQTİSADİYYAT


Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara girişlərdə avtomobillərin qanunsuz parklanmasının qarşısının alınması üçün tədbirlər görüləcəkdir

Bakı, 17 aprel (AZƏRTAC). Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara girişlərdə avtomobillərin qanunsuz parklanmasının qarşısının alınması üçün tədbirlər görüləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Bakı şəhəri ərazisində avtomobil duracaqlarının təşkil edilməsi haqqında” sərəncam imzalamışdır.

Sərəncamda deyilir ki, Bakı şəhərinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir. Sərəncama əsasən tıxacların qarşısının alınması məqsədilə Bakının küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar ləğv ediləcəkdir.

Sərəncamda bildirilir ki, tabeçiliyindən asılı olmayaraq qeyri-qanuni fəaliyyət göstərən duracaq və ya belə bir fəaliyyəti təşkil etmək istəyən hüquqi və fiziki şəxslərə qarşı inzibati cərimə sanksiyaları və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər həyata keçiriləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırmışdır ki, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birlikdə Bakı ərazisində duracaqların təşkili üçün yol hərəkətinin təhlükəsizliyinə, ictimai təhlükəsizlik qaydalarına cavab verən və avtomobillərin daha çox toplandığı əraziləri müəyyən etsin. Müəyyən edilmiş ərazilərdə avtonəqliyyatın hərəkətini məhdudlaşdırmadan yol kənarında nəqliyyat vasitələrinin saxlanılması, tıxacların qarşısının alınması üçün müvəqqəti duracaqlar yaradılmasını təşkil etsin.

Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırılmışdır ki, yaradılacaq duracaq ərazilərinin nişanlanmasını və duracaqların müvafiq məlumat lövhələri ilə təmin edilməsini, bu işin nizamlanmasını həyata keçirsin.

Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi duracağın səmərəli təşkili və qanunsuz duracağın qarşısının səmərəli yollarla alınmasının təmin edilməsi məqsədilə təşkil ediləcək yeni duracaqlarda intellektual nəqliyyat sistemində mövcud olan yeni avadanlıqlar və texniki imkanlardan istifadə etməklə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əməkdaşlıq etməlidir.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin duracaqlara nəzarət məqsədi ilə quraşdırılmış mövcud texniki-müşahidə vasitələrinin (kameraların) görüntülərindən və digər texniki imkanlarından istifadəsinə şərait yaratmalıdır. Pullu duracaqlarda nəqliyyat vasitələrinin saxlanılması qaydalarının müəyyən edilməsi və hazırlanmasını Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi təmin etməlidir.

Sərəncamda Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur ki, Bakı şəhəri ərazisində durma və parklanma probleminin aradan qaldırılması və tıxacların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı Şəhər Baş Polis idarəsinə müvafiq göstərişlər və tapşırıqlar versin.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə nəqliyyat vasitələrinin mənsubiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün “Nəqliyyat Vasitələrinin Qeydiyyatı” bazasından istifadə etməyə müvafiq şərait yaratmalıdır. Daxili İşlər Nazirliyindən xahiş olunmuşdur ki, sərəncamdan irəli gələn məsələlərin həlli və avtonəqliyyat vasitələrinin duracaqlara yerləşdirilməsi istiqamətində Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə lazımi kömək göstərilməsini təmin etsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.