CƏMİYYƏT
Bakıda silahlı şəxs saxlanılıb VİDEO
Bakı, 17 yanvar, AZƏRTAC
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər dəfələrlə məhkum edilmiş paytaxt sakini Çingiz Maşallayevdə odlu silah olması barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun əlindəki idman çantasına baxış zamanı “AKM” markalı avtomat silah, 21 patron və bir patron darağı aşkar edilərək götürülüb. Ç.Maşallayev ifadəsində həmin silah-sursatın ona məxsus olduğunu və bir müddət əvvəl Ramana qəsəbəsindən tapdığını bildirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.