İQTİSADİYYAT
Bakıda standartlaşma üzrə beynəlxalq müzakirələr aparılır
Bakı, 23 iyul, AZƏRTAC
Bakıda standartlaşma üzrə beynəlxalq müzakirələr aparılır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) ilə birgə "Risklərin İdarə olunması" üzrə beynəlxalq texniki komitənin iclası və işçi qruplarının görüşlərinin keçirilməsinə başlayıb. Tədbirin katibliyini Britaniya Standartlar İnstitutu (BSİ) həyata keçirir.
AZƏRTAC xəbər verir ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə və Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev müzakirənin mahiyyətindən danışıblar. Bildirilib ki, bu beynəlxalq tədbir Azərbaycanda standartların tətbiqi, keyfiyyətli xidmətlərin göstərilməsi və qeyri-neft sektoru üzrə istehsal və ixracın beynəlxalq tələblərə uyğunlaşdırılması baxımından böyük önəm daşıyır.
Tədbirdə Çin, Yaponiya, ABŞ, Kanada, Malayziya da olmaqla 20-dən artıq ölkədən 40 xarici ekspert, o cümlədən müvafiq sahədə fəaliyyət göstərən şirkət və özəl struktur nümayəndələri iştirak edir.
Görüşdə biznes sferasında, idarəetmədə və ictimai mühitdə risklərin qiymətləndirilməsi, onların təsiri, idarə olunması prinsipləri və mexanizmlərinin təhlili, eləcə də hüquqi risklərə dair beynəlxalq standart layihələrinin müzakirəsi aparılır.
"Risklərin İdarə olunması" üzrə beynəlxalq texniki komitənin iclası və işçi qruplarının görüşlərinin Bakıda keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzunun artırılması, müvafiq sahədə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, yerli mütəxəssislərin beynəlxalq standartların hazırlanması prosesinə cəlb olunması, ümumilikdə milli standartlaşdırma sisteminin inkişafının təşviqi baxımından faydalı olacağı qeyd edilib.