CƏMİYYƏT
Bakıda süd vəzi xərçənginə qarşı mübarizə ayı çərçivəsində kampaniya keçirilib
Bakı, 14 oktyabr, Əziz Məmmədov, AZƏRTAC
Oktyabr ayı 1993-cü ildən Dünya Səhiyyə Təşkilatı tərəfindən süd vəzi xərçənginə qarşı mübarizə ayı elan edilib. Çəhrayı rəngli lent bu xəstəliyə qarşı mübarizənin rəmzinə çevrilib. Bu rəng xərçəng xəstəliyinə qarşı nə varsa, o cümlədən həyatın, gözəlliyin və sağlamlığın rəmzidir.
İyirmi ildən çoxdur ki, bir çox ölkələrin ictimai təşkilatları və hökumətləri bu xəstəliyin profilaktikasına və müalicəsinə xüsusi diqqət ayırırlar. Azərbaycanda da xərçəngin müntəzəm müayinəsinin və profilaktikasının zəruriliyinə diqqəti yönəldən maarifləndirici və sosial aksiyalar keçirilir. Belə tədbirlərdən biri oktyabrın 14-də Bakıda təşkil edilib. Kampaniya Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin, “IDEAL” mağazalar şəbəkəsinin birgə təşkilatçılığı və “Estee Lauder Group” kosmetika şirkətinin dəstəyi ilə “IDEAL”ın “Gənclik Mall”, “28 Mall”da yerləşən mağazalarında və filiallarında keçirilib.
Milli Onkologiya Mərkəzinin “Qadın dünyası” Mammologiya Mərkəzinin şöbə müdiri Sevinc Rəhimzadə AZƏRTAC-a müsahibəsində qeyd edib ki, kampaniyanın əsas məqsədi xəstəlik haqqında məlumatlılığın artırılması, onun vaxtında üzə çıxarılması və müalicəsinin təmin edilməsidir. “Süd vəzi xərçəngi dünyada qadınlar arasında bədxassəli törəmələrin ən geniş yayılan növüdür. Hazırda bir çox təşkilatlar, şirkətlər və brendlər dünyada orta hesabla hər səkkiz qadından birinin əziyyət çəkdiyi bu qorxulu xəstəliyə qarşı mübarizəyə qoşulurlar. Xəstəliyin artması ekoloji amillər, urbanizasiyanın genişlənməsi və müasir həyat tərzi ilə bağlıdır. Lakin bu rəqəmləri xeyli dərəcədə azaltmaq olar. Məlumdur ki, süd vəzi xərçəngini ilkin mərhələdə tamamilə sağaltmaq mümkündür. Xəstəliyin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsini məsləhət bilirəm. Qadınlara tövsiyə edirəm ki, 35 yaşdan sonra mammoqrafiyadan keçsinlər, çünki bu, süd vəzi xərçənginin üzə çıxarılmasında ən müasir və dəqiq metoddur. “Estee Lauder” şirkəti 1992-ci ildən başlayaraq süd vəzi xərçənginə qarşı mübarizəyə həsr edilən tədbirlər keçirir və çəhrayı lenti bu aksiyaların rəmzi seçib. “IDEAL”ın indiki kampaniyasında da iştirakçılara qırmızı lent paylanılıb. Bununla yanaşı, kampaniya çərçivəsində “IDEAL” mağazalar şəbəkəsində xərçəngin qarşısını almaq barədə bukletlər verilib”, - deyə S.Rəhimzadə bildirib.