CƏMİYYƏT
Bakıda taksi şirkətlərinin avtomobillərinin səsboğucu sistemlərini oğurlayan şəxslər saxlanılıblar VİDEO
Bakı, 1 fevral, AZƏRTAC
Binəqədi rayonunda “Ağ Şəhər” taksi şirkətinə məxsus müxtəlif şəxslərə icarəyə verilən “Daewoo” markalı beş nəqliyyat vasitəsinin ümumi dəyəri 2500 manat olan səsboğucu sistemi - katalizatoru oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə məlumat verilən kimi dərhal araşdırmalara başlanıb.
Məlum olub ki, nəqliyyat vasitələrinin katalizatorları elə həmin maşınları icarə əsasında idarə edən sürücülər tərəfindən vətəndaş Pərvin Rəhimlinin təklifi əsasında oğurlanıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şirkətə məxsus taksiləri idarə edən sürücülər Gündüz Nəcəfov, Pərvin Rəhimli, Murad Nəcəfov, Seymur Şamilov və oğurluq katalizatorları alan Qabil Babayev saxlanılıb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Pərvin Rəhimli şirkətə məxsus avtomobilin katalizatorunu satmaq üçün Qabil Babayevin təmiri sexinə gətirdiyi sürücülərin hər birinə görə ondan 70 manat məbləğində pul alıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri əməli etiraf ediblər.
Qeyd edək ki, katalizator sistemi bilərəkdən çıxarılan və ya işlək vəziyyətdə olmayan nəqliyyat vasitələri atmosferə normadan artıq zərərli qazlar buraxırlar. Bu isə ekologiyanın pozulması kimi qiymətləndirilir.
Saxlanılan şəxslər barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.