CƏMİYYƏT
Bakıda tibbi maskadan istifadə etməyən şəxslər cərimələniblər
Bakı, 2 iyul, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sosial məsafə gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, müvafiq icazə olmadan hərəkət edən şəxslər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun qaydada inzibati məsuliyyətə cəlb olunurlar.
Vətəndaşların diqqətinə çatdırılır ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə hərəkət iştirakçıları sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə etməlidirlər. Hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.