CƏMİYYƏT
Bakıda tibbi maskalardan istifadə etməyən şəxslər cərimələniblər
Bakı, 28 iyul, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın məhəllədaxili yerlərində - yollarda, bazarlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün rayonlar üzrə qapalı məkanlar daxil olmaqla davam etdirilən tədbirlərdə icazəsiz hərəkət edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla mövcud sanitar-gigiyenik tələblər izah olunur.
Diqqətə çatdırılır ki, hər bir şəxs karantin qaydalarına, koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş metodiki göstərişlərə əməl etməlidir.
Göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunması istiqamətində nəzarət-profilaktik tədbirlər çərçivəsində müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunur.
Qeyd edək ki, fəaliyyətinə icazə verilən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirləri davam etdirilir. Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görülür.