İQTİSADİYYAT
Bakıda tıxacların yaranmasının səbəbləri açıqlanmışdır
Bakı, 21 fevral (AZƏRTAC). Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ötən bir il ərzində apardığı araşdırmaların nəticəsi olaraq yollarda yaranan tıxacların səbəblərini açıqlamışdır.
NİİM-dən AZƏRTAC-a bildirmişlər ki, qanunsuz parklanma, bir çox binaların parklama meydançalarının olmaması və ya aztutumlu olması səbəbindən nəqliyyat vasitələrinin yolun kənarında və avtobuslar üçün nəzərdə tutulan “cib”lərdə parklamanı, avtomobillərin sayının kəskin artması, taksilərin və digər maşınların dayanacaqlara yaxın yerdə saxlanması, təmir-tikinti işləri, şəhər infrastrukturundakı problemlər, piyadaların onlar üçün nəzərdə tutulmamış yerlərdən keçmələri, sürücülər tərəfindən yol qaydalarına riayət edilməməsi və sürücü mədəniyyətinin aşağı səviyyədə olması və s. yollarda tıxacların yaranmasının başlıca səbəbləridir.
Bununla əlaqədar NİİM tərəfindən “Bakı şəhərində mövcud nəqliyyat problemlərinin aradan qaldırılması üzrə 2013-2015-ci illər üçün tədbirlər planı”nda müxtəlif ərazilərdə piyada keçidlərinin tikintisi, ictimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi, yol infrastrukturunun daha da yaxşılaşdırılması ilə bağlı təkliflər irəli sürülmüşdür.