CƏMİYYƏT
Bakıda tullantılardan hazırlanmış sənət əsərlərinin muzeyi açılıb
Bakı, 17 iyun, AZƏRTAC
Bakıda lazımsız əşyalardan və məişət tullantılarından hazırlanmış sənət əsərlərinin sərgisi açılıb. Bakının Qala qəsəbəsində təşkil olunan IV Beynəlxalq “Tullantıdan sənətə” adlı sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin əl işləri nümayiş etdirilir.
Burada istifadə olunmuş avtomobil təkərləri flaminqo quşlarına çevrilib. Kompyuter klaviaturaları dünyanın elektronlaşmasını göstərən bir qlobusa dönüb. Qəzetlər nara, elektron çiplər balığa çevrilib. Yararsız hesab edilərək atılmış tullantı materialları sənətkarların əllərində “canlanıb”.
“Tullantıdan sənətə” sərgisi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə təşkil olunub.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Bu gün Bakıda tullantılar təkrar istehsal üçün xammal kimi istifadə olunur, həmçinin tərkibindəki enerji bərpa olunaraq elektrik əldə edilir. “Tullantıdan sənətə” sərgisi isə tullantı materiallarından incəsənətdə istifadə etməyin mümkünlüyünü göstərərək onun dəyərini bir daha xatırlatmış olur. Tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü sərgi əyani formada sübut edir.
Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də istifadəyə verilib. Əvvəlki sərgilər zamanı nümayiş olunan əsərlər artıq bu muzeydə daim sərgilənəcək.
“Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində icra etdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində təşkil olunub. Həmin layihə əsasında qəsəbədə tullantıların idarə olunması alternativ üsulla həyata keçirilir.