MƏDƏNİYYƏT
Bakıda turizm sahəsində ilk dəfə startap yarışı keçirilib
Bakı, 19 noyabr, AZƏRTAC
Bakıda “ASAN xidmət”in İnnoland İnnovasiyalar və “Next Step” İnnovasiyalar Mərkəzinin təşkilati dəstəyi ilə “Startup Weekend” adlı travel yarışı keçirilib.
Bu barədə AZƏRTAC-a “Next Step” İnnovasiyalar Mərkəzinin direktoru Rəşad Eyvazov məlumat verib. Üç gün davam edən müsabiqədə təlimçilərin (mentorların) dəstəyi ilə 60 iştirakçı turizm sahəsi üzrə innovativ fikirlərini peşəkar münsiflər heyətinə təqdim ediblər. Qalib üç komanda - “Bakıda”, “QR Taste”, “Travel2Culture” mükafatla təltif edilib.
“Ölkəmizdə startap ekosistemi addım-addım inkişaf etməkdədir və bu prosesə qoşulan gənclərin sayının artması zəruridir. Tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanan ideyalar ilə səyahət sahəsində marağı olan gənclər, marketerler, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startaplar yaradıb və münsiflər heyəti qarşısında təqdimat ediblər. Qalib komandanı mütəxəssislərdən ibarət münsiflər heyəti seçib. İştirakçılar üç gün ərzində mentorlardan biznes məsləhətləri və tövsiyələrini də dinliyə biliblər”, - deyə Rəşad Eyvazov bildirib.
Qeyd edək ki, yarış “Azerbaijan Tourism Board”, “Paşa Travel” və “Coca-Cola Bottlers” LTD şirkətinin dəstəyi ilə reallaşıb.