ELM VƏ TƏHSİL
Bakıda türk dünyasının ortaq tarixi dövrlərinə həsr olunmuş beynəlxalq elmi konfrans başa çatıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakıda “Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda keçirilən beynəlxalq elmi konfrans sentyabrın 14-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, AMEA, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Xəzər Universiteti, Türkiyə Səlcuq Universiteti, Sütçü İmam Universiteti və Türk Tarix Qurumu tərəfindən təşkil olunan tədbir “İNOCTE 2017-“Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində reallaşıb. Konfransın məqsədi şərqi və qərbi türk dünyasının ortaq tarixi problemlərinə dair aparılan elmi tədqiqatların nəticələrini müzakirə etmək və fikir mübadiləsi aparmaq, türk dünyasının ortaq tarixi dəyərləri ilə bağlı araşdırmaların genişləndirilməsinə, bu sahədə çalışan alimlərin bilik və təcrübələrinin bölüşdürülməsinə imkan verə biləcək akademik bir platforma yaratmaq olub.
Tədbirdə alimlər türk dünyasının problemlərindən və inkişaf meyillərindən, türklərin tarixboyu nə qədər qəhrəman, mübariz bir xalq olmasından danışıblar. Şərqi və qərbi türk dünyasına dair elmi tədqiqatların hazırkı vəziyyətindən bəhs edən alimlər qədim türk yazılı mənbələrinin yenidən tədqiqinin, ortaq dəyərlərin qorunub saxlanılmasının və ayrı-ayrı türkoloji mərkəzlərin münasibətlərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
İşini ADPU-da bölmə iclasları ilə davam etdirən konfransda azərbaycanlı və türkiyəli alimlərin 100-dən çox elmi məruzəsi dinlənilib. Üç gün davam edən tədbirin iştirakçıları Bakı ətrafındakı tarixi yerlərlə tanış olublar.