CƏMİYYƏT
Bakıda ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
Bakı, 2 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə dekabrın 14-də ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Mərkəzi Gömrük Hospitalından AZƏRTAC-a bildirilib ki, Ümummilli Lider səhiyyənin inkişafında misilsiz xidmətlər göstərib və əhalinin sağlamlığını daim diqqət mərkəzində saxlayıb. Ulu Öndər hesab edirdi ki, insanların sağlamlığı dövlətin və cəmiyyətin sağlamlığı deməkdir. Bu gün Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilməsi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də uğurlara daim vüsət verir. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Sağlam əhali ölkənin uğurlu inkişafının zəmini və gələcək nəsillər üçün möhkəm təməldir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, ürək-damar sisteminin xəstəlikləri, əvvəllər olduğu kimi, dünyanın bir çox ölkəsində ölümün başlıca səbəbidir, müalicəsi isə çətindir və böyük vəsait tələb edir. Konfransda anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunacaq. Tədbirdə yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertləri də iştirak edəcəklər.
Dörd paneldən ibarət olan konfransda “Anadangəlmə ürək qüsurları, genetika, skrininq və ümumi baxış”, “Yenidoğulmuşlarda təcili vəziyyətlərdə nə etməli?”, “Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya və reabilitasiya” və “Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər” mövzularında çıxışlar olacaq, maraqlı mühazirələr və interaktiv diskussiyalar aparılacaq.
Panellərin gedişində ürək cərrahı Rəşad Mahmudov “Minimal invaziv cərrahiyyə”, Türkiyənin “Florence Nightingale” Xəstəxanalar Qrupundan professor Yalım Yalçın “Anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv kardioloji metodların rolu”, uşaq kardiocərrahı professor Bülent Polat “Fallo tetradasının ümumi korreksiyasında 20 illik təcrübə” və pediatr-neonatoloq Ozan Uzunhan “Yenidoğulmuşlarda kritik anadangəlmə ürək xəstəliklərinin erkən diaqnozunda pulsoksimetriyanın rolu”, İtaliyanın Boloniya Universitetinin kardiologiya kafedrasının dosenti, kardioloq Franko Nakarella “Müasir uşaq kardiologiyasında klinik və genetik konsultasiyalar”, Almaniyanın Yunq Ştillinq Klinikasının kardioloqu Yohannes Riks “Mitral və triksupidal qapaq çatışmazlıqlarında intervensiyon yenilikləri” və professoru Gündüz Dursun “Aorta qapağı dəyişimində və koronar revaskulyarizasiyada olan yeniliklər”, İranın Genetik Mühəndislik və Biotexnologiya üzrə Milli İnstitutun həkim genetiki Saber Siamak “Ürək qüsurları və genetik xəstəliklər arasında əlaqə” və digər yüksəkixtisaslı mütəxəssislər müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi təşkil olunan elmi-praktik konfransların keçirməsinin məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin mütəxəssislərini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.
Konfrans haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://customshospital.az/anadangelme-urek-damar-xesteliklerinin-malicesinde-masir-yanashmalar/