CƏMİYYƏT
Bakıda uşaq bağçasından və restorandan oğurluq edən şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 15 may, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda A.Məhərrəmov küçəsində yerləşən uşaq bağçalarından birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs pəncərədən içəri daxil olaraq oradan kompüter avadanlığı və müşahidə kamerasının yaddaş blokunu oğurlayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Habil Seyidov Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonunda A.Məhərrəmov küçəsində yerləşən Rus Dili Mərkəzindən, üç kafedən və bir “Play Station” salonundan ümumilikdə dörd televizor, oyun aparatları və sair qiymətli əşyalar oğurladığı məlum olub. Habil Seyidov həmin obyektlərin sahiblərinə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurub.
Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Silsilə cinayətlər törətməkdə şübhəli bilinən Habil Seyidov tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.