CƏMİYYƏT
Bakıda və Saatlıda Məhərrəm ayı ilə əlaqədar tədbirlər təşkil olunub
Bakı, 28 iyul, AZƏRTAC
Qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar tədbirlər keçirilir.
İyulun 27-də paytaxtın Qaraçuxur qəsəbəsində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Amal Məlikov, şöbənin əməkdaşı Aqil Əlisoy, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Azad Əzizov, Qaraçuxur bələdiyyəsinin sədr müavini Arif Şahmuradov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir baş tutub. Tədbirdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Cəfərsadiq Cəfərli, Saatlı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Əzizov, rayon polis şöbəsinin rəis müavinləri Fuad Məmmədov, Əjdər Əliyev, rayonun din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söylənilib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğu, bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifənin düşdüyü qeyd edilib. Eyni zamanda, Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.