CƏMİYYƏT


Bakıda xaricdə təhsil alan gəncləri birləşdirən “ASAP Forum 2022” öz işinə başlayıb VİDEO

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 28-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022”nin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan forumda torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Forumu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov açaraq dövlət siyasətinin əsasını təşkil edən gənclər siyasətinin əhəmiyyətindən danışıb. Həyata keçirilən bir sıra təhsil proqramlarından söz açan icraçı direktor forumda iştirak edən dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərə təşəkkür edib. Vurğulayıb ki, gənclərimiz dövlət tərəfindən dəstəklənən və Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsillə bağlı gənclər proqramından yararlanırlar. Bundan başqa, dövlətimizin başçısının Sərəncamı ilə iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib. Bu strategiyada da gənclərlə bağlı məsələlər əksini tapıb.

Təhsil nazirinin müavini Muxtar Məmmədov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün uğurla yerinə yetirilməsinin şahidiyik: “Sevindirici haldır ki, artıq ölkə hüdudlarından kənarda təhsil alan savadlı, güclü gənclərimizin sayı çoxdur. Dövlətin yaratdığı imkanlardan yararlanaraq xaricdə təhsil alan gənclərimizin öz təcrübələrini ölkəmizdəki ali təhsil ocaqlarında tələbələrlə bölüşməsi çox vacibdir. Bəlkə də aranızda elə gənc var ki, o, xaricdə təhsil aldığı universitetdə ilk azərbaycanlı tələbə olub. Ona görə də təcrübələrinizi digər həmvətənlərimizlə bölüşməyiniz vacibdir. Unutmayın ki, siz xaricdə tələbə olmaqla yanaşı, eyni zamanda ölkəmizi təmsil edən bir şəxsiyyətsiniz. Bu səbəbdən vacib missiyanın daşıyıcısı hesab edilirsiniz. Sizə təhsil həyatınızda və kariyeranızda uğurlar arzu edirəm”.

Forumda Milli Məclisin deputatı Kamal Cəfərov, Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, Azərbaycan Tələbələr və Məzunlar Platformasının həmtəsisçisi və idarə heyətinin üzvü Səbinə Mürsəlli və başqaları çıxış edərək ölkəmizdə gənclər siyasətindən, təhsilin inkişafı istiqamətində görülən işlərdən və həyata keçirilən layihələrdən söz açıblar.

Qeyd edilib ki, forum çərçivəsində 23 ölkənin 90-dan çox universitetində təhsil alan və məzun olmuş 300-dən çox gənc bir araya gəlib. İyulun 31-dək davam edəcək forumun keçirilməsində əsas məqsəd gənclərin xaricdə yaşadıqları müddətdə həyata keçirməyi planlaşdırdıqları layihələrin icrasına şərait yaratmaq, azərbaycanlı gənclər tərəfindən idarə olunan nümayəndəliklərin qurulması üçün innovativ həlləri təklif etmək, təmsilçilik və ASAP-ın nümayəndəliklərinin inkişafına dəstək göstərməkdir.

Forum çərçivəsində dövlət xadimlərinin, ekspertlərin, xarici təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda panel müzakirələri, karyera sərgisi, şəbəkələşmə tədbirləri, müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər tərəfindən TEDx formatında çıxışlar və beynəlxalq müstəvidə təmsilçiliklə bağlı təlimlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.