CƏMİYYƏT
Bakıda yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb
Bakı, 26 aprel, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı daha bir aktiv koronavirus xəstəsini ictimai yerdə aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ev şəraitində müalicəyə cəlb olunan paytaxt sakini Şahbaz Eyvazova xəbərdarlıq edilərək ona sosial izolyasiya qaydalarına riayət etməsi və yaşayış ünvanını tərk etməməsi barədə müvafiq dövlət qurumları tərəfindən məlumat verilib. Amma o, xəbərdarlıqlara məhəl qoymayaraq yaşayış yerini tərk edib və digər şəxslərin sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları onu Nəsimi rayonu ərazisində saxlayaraq yaşadığı ünvana geri qaytarıblar.
E.Şahbazov barəsində rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.