İDMAN
Bakıda yelkənli qayıq yarışı keçirilir
Bakı, 11 may, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş yelkənli qayıq yarışı (“Baku Sailing Regatta-2019”) keçirilir.
AZƏRTAC xəbər verir ki, ASCO-nun mətbuat katibi Mehman Mehdiyev ümumilikdə 30 yelkənçinin iştirak etdiyi reqatada idmançıların dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser-radial”, “Laser 4.7”) üzrə yarışdığını deyib. Bildirib ki, onlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Xəzər”, “CMS properties” şirkətinin “Dənizçi” idman klubları və Azərbaycan Yelkənli İdman Federasiyasının üzvləridirlər. Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdiriləcək. İlk 3 yerin sahibləri mükafatlandırılacaqlar.
M.Mehdiyevin sözlərinə görə, yarışın təşkilində məqsəd idmanın bu növünə marağı artırmaq və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.
Həmçinin yarış çərçivəsində Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da keçirilir.
Xatırladaq ki, “Baku Sailing Regatta” ikinci ildir ki, təşkil edilir. Ötən il keçirilən reqata həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olmuşdu.