CƏMİYYƏT
Bakıda yeniyetməyə qarşı quldurluq edən qardaşlar cinayət məsuliyyətinə cəlb ediliblər VİDEO
Bakı, 12 fevral, AZƏRTAC
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı uşağa qarşı quldurluq edilib. Hadisə zamanı naməlum şəxslər orta məktəbdən qayıdan yeniyetməyə yaxınlaşaraq fiziki zor tətbiq edib, iki ədəd mobil telefonunu əlindən alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin iki mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İlkin Orucov və qardaşı Murad Orucov saxlanılıblar. Hadisə zamanı Murad və İlkinlə bərabər quldurluq cinayətində iştirak edən Xalid Quliyev isə bir müddət əvvəl narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısı ilə məşğul olduğu üçün tutulub.
Faktla bağlı 25-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Murad və İlkin Orucov qardaşlarının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər.