İQTİSADİYYAT
Bakıda yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək
Bakı, 9 yanvar, AZƏRTAC
Fevralın 20-22-də Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və sair sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim olunacaq. Ümumilikdə, sərgidə 150-dək şirkətin iştirakı nəzərdə tutulur.
Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Sərgidə təmsil olunmaq istəyən sahibkarlar “Marsol” MMC-yə (əlaqələndirici şəxs Fərid Rəcəbli, 050 228 64 31, www.partners.az) müraciət edə bilərlər.