CƏMİYYƏT
Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib
Bakı, 10 may, AZƏRTAC
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkarlanıb. Heydər Əliyev prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.
Tədbir zamanı Nərimanov rayonu Daş Karxanası küçəsində yerləşən marketdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı polislər tərəfindən aşkarlanıb.
Bu faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib və xəbərdarlıq edilib.
Mağaza sahibləri və satıcılar siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhələndiklərində satışı dayandırmalı, müştəridən şəxsiyyəti təsdiqləyən sənəd tələb etməlidirlər. Sənəd təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.
Paytaxtda, eləcə də regionlarda yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi tədbirlər bundan sonra da davam etdiriləcək.