İQTİSADİYYAT


Bakıdakı Beynəlxalq Enerji Xartiyası Forumunda 13 ölkənin dövlət rəsmiləri iştirak edəcək

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Bakıda “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusunda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 4 sessiyadan ibarət olacaq forumda bərpaolunan enerjinin inkişafı və texnologiyaların rolu, bərpaolunan enerji mənbələrindən istifadə və tənzimləyici mexanizmlər, enerji səmərəliliyinin təşviqi - ən yaxşı təcrübələrin bölüşdürülməsi, regional səviyyədə təchizat təhlükəsizliyi mövzuları çərçivəsində müzakirələr aparılacaq.

Forumda 13 ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya, İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəmənin yüksək səviyyəli dövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xarici enerji şirkətləri, dövlət qurumlarının təmsilçiləri, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ekspertlər və mediadan ibarət 200-dək şəxsin iştirakı gözlənilir.

Forumun açılışında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Enerji Xartiyasının baş katibi Urban Rusnakın çıxışı nəzərdə tutulub.

Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Enerji Xartiyası Forumu gələcək prioritetləri və çağırışları müzakirə etmək üçün uğurlu platforma hesab edilir. Forum milli, regional, beynəlxalq ekspertlər tərəfindən energetika sektorunda qlobal innovasiya trendlərinin, eləcə də Enerji Xartiyasına üzv və müşahidəçi ölkələrin, xartiyadan kənarda qalan dövlətlərin enerji sektorlarında inkişaf prosesləri və aparılan islahatlarla bağlı məsələlərin müzakirəsinə həsr ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.