MƏDƏNİYYƏT
Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi esse yazı müsabiqəsi elan edib
Bakı, 12 dekabr, AZƏRTAC
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi “Nəcib Məhfuz oxucuların gözü ilə” adlı esse yazı müsabiqəsi elan edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə yalnız Nəcib Məhfuzun yaradıcılığından bəhs edən mətnlər göndərilməlidir. Esselərin həcmi minimum 7 min, maksimum 10 min işarə olmalıdır. Heç bir yaş məhdudiyyəti nəzərdə tutulmayan müsabiqənin nəticələrinə uyğun olaraq əsərləri onluğa düşən müəlliflər diplomla təltif olunacaq. Birinci yerin qalibinə pul mükafatı ilə yanaşı, diplom və Misirin Ali Təhsil Nazirliyinin medalı, ikinci, üçüncü yerin qaliblərinə isə pul mükafatı və diplom təqdim olunacaq.
İştirak etmək istəyənlər gələn ilin fevralın 15-dək müraciət edə bilərlər. Qaliblərin adı 2017-ci ilin martında elan olunacaq.
Qeyd edək ki, Nobel mükafatı laureatı görkəmli misirli yazıçı Nəcib Məhfuz 34 roman və 350-dən çox hekayə müəllifi kimi tanınır.