Bakıdakı Rus Evində Xalq artisti Dina Tumarkinanın yaradıcılıq gecəsi keçirilib
AzerTAg.az
Bakı, 20 oktyabr, AZƏRTAC
Bakıdakı Rus Evində Azərbaycanın Xalq artisti Dina Tumarkinanın yubileyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib və “Bakıdan əsən isti külək” adlı sənədli film nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, bu il avqust ayında Dina Tumarkinanın 90 yaşı tamam olub. Aktrisa ötən əsrin 50-80-ci illərində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində 150-dən çox rol oynayıb.
Tədbirin əvvəlində Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov qonaqları salamlayıb. Filmin ssenari müəllifi Natalya Jironkina bu kino lentinin yaranması ideyası və aktrisanın yaradıcılıq rolu barədə məlumat verib.
“Bakıdan əsən isti külək” sənədli filmində yüksək ustalıq ənənələrinin və toplanmış təcrübənin gənc nəslə çatdırılması mövzusuna toxunulub. Filmdə aktrisanın yubileyi münasibətilə Bakı yaradıcı ziyalılarının ona ünvanlanmış təbrikləri də səslənir.
Hazırda İsraildə yaşayan Dina Tumarkina tədbirin sonunda bu gecənin təşkilatçılarına, tamaşaçılara və öz dostlarına videorabitə vasitəsilə səmimi təşəkkürünü bildirib.















Xəbərin mətnində orfoqrafik səhv var