ELM VƏ TƏHSİL
Bakıdakı Rus evi tərəfindən təşkil edilmiş müsabiqələrin qalibləri Xantı-Mansiysk şəhərinin görməli yerlərini ziyarət ediblər
Bakı, 11 avqust, AZƏRTAC
“Şuşa ili”nə həsr edilmiş XIV illik rus dili olimpiadasının və gənc qiraətçilərin “Canlı klassika” beynəlxalq müsabiqəsinin qalibləri “Salam, Rusiya!” proqramı üzrə bir neçə gün Xantı-Mansiysk şəhərində olublar.
Rusiya İnformasiya Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu müddətdə gənclər Təbiət və İnsan Muzeyində, Geologiya, Neft və Qaz Muzeyində, Qış İdman Növləri Mərkəzində olub, 11 ölkəni təmsil edən gənc həmvətənləri ilə birlikdə “Dostluq bağı” salıblar.
Xatırladaq ki, “Salam Rusiya!” proqramı “Rossodrudniçestvo” agentliyi tərəfindən 2014-cü ildən həyata keçirilir. Hər il yaxın və uzaq xarici ölkələrdən 14-19 yaşlı 700-dən çox həmvətən öz tarixi vətənlərinin müasir həyatı ilə tanış olmaq, onun çoxmillətli mədəniyyətini hiss etmək, rus dilində danışıq təcrübəsi qazanmaq və başqa ölkələrdə dostlar tapmaq üçün Rusiyaya gəlir.