MƏDƏNİYYƏT


Bakıdakı Rus evində “İkinci Vətən. Osetinlər Azərbaycanda” kitabının təqdimatı keçirilib

Bakı, 17 avqust, AZƏRTAC

Bakıdakı Rus evində “İkinci Vətən. Osetinlər Azərbaycanda” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycanda yaşayan osetin əsilli siyasi xadimlərə, hərbçilərə, alimlərə, din xadimlərinə, yaradıcı ziyalılara həsr edilib.

Azərbaycandakı osetin ailələri haqqında müəlliflər tərəfindən toplanıb sistemləşdirilmiş bioqrafik, sənədli və fotomateriallardan ibarət kitabın müəllifləri İslambek Marzoyev, Tamilla Mamsurova və Alan Tuqanovdur.

Tədbirin əvvəlində Bakıdakı Rus evinin şöbə rəisi Dmitri Yeqorov və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin ikinci katibi Pavel Kuznetsov çıxış ediblər. Onlar bildiriblər ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir, burada bütün xalqların nümayəndələri dinc yanaşı yaşayır. Çıxış edənlər vurğulayıblar ki, bu kitab oxucuların Azərbaycanda yaşayan osetinlər haqqında biliklərini zənginləşdirəcək. Onlar kitabın ərsəyə gəlməsi üçün zəhmət çəkənlərin hamısına təşəkkür ediblər.

“İkinci Vətən. Osetinlər Azərbaycanda” kitabının həmmüəllifi Alan Tuqanov çıxışında qeyd edib ki, burada yaşayan osetinlər Azərbaycanı çox sevir, onu özlərinin vətəni hesab edilər. A.Tuqanov daha sonra əlavə edib ki, İslambek Marzoyev ilə bu kitabı yazarkən çox böyük iş görüb.

Şimali Osetiya Humanitar və Sosial Tədqiqatlar İnstitutunun etnologiya şöbəsinin aparıcı elmi işçisi, genealoji tədqiqatlar sektorunun müdiri İslambek Marzoyev osetinlərin Azərbaycana köçürülməsinin tarixi barədə məlumat verib. O deyib: “Osetinlərin köçürülməsinin birinci dalğası XX əsrin əvvəlində Azərbaycanda iqtisadi yüksəliş dövründə başlanıb. O vaxt müxtəlif təşkilatlar, tədris müəssisələri açılırdı. Həmin dövrün səciyyəvi əlaməti ondan ibarətdir ki, bu və ya digər sahədə öz imkanlarını reallaşdırmaq üçün şərait yaranmış milli elita formalaşırdı. İkinci dalğa inqilabi hadisələrlə eyni vaxta düşüb. Azərbaycana sovet hakimiyyəti xeyli gec qurulduğuna görə, osetinlərin çox hissəsi buraya – Qubaya və yaxınlıqdakı başqa şəhərlərə köçüblər. Nəticədə burada osetinlərin böyük diasporu yaranıb. Sonradan onların bir qismi vətənə qayıdıb, digərləri burada qalıb”.

Kitab üzərində iş zamanı çoxsaylı mənbələrdən - dövlət və ailə arxivlərindən, kütləvi informasiya vasitələrində dərc edilmiş materiallar, həmçinin elektron resurslardan istifadə edildiyini vurğulayan İslambek Marzoyevin sözlərinə görə, gələcəkdə daha bir nəşr hazırlamaq nəzərdə tutulur.

Tədbirin sonunda iştirakçılara Azərbaycan tarixinin müxtəlif mərhələlərində ölkənin mədəni və siyasi həyatında mühüm rol oynamış osetin əsilli vətəndaşlar barədə material təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.