ELM VƏ TƏHSİL
Bakıdakı məktəblərin direktor müavinlərinin və metodbirləşmə sədrlərinin bölmə iclasları başlayıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və fənlər üzrə metodbirləşmə sədrlərinin bölmə iclaslarına başlanılıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, iclasların təşkilində əsas məqsəd Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin 2016-2017-ci tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdır.
İlk bölmə iclasları Bakının Nizami, Nərimanov, Səbail, Yasamal və Qaradağ rayonları üzrə təşkil olunub.
BŞTİ-nin struktur bölmə rəhbərləri və əməkdaşlarının iştirak etdikləri iclaslarda Təlimə Dəstək Mərkəzinin işçiləri moderatorluq ediblər.
Bölmə iclaslarında 2016-2017-ci tədris ilində görülən və yeni dərs ilində nəzərdə tutulan işlərə, 2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə təhsil nazirinin əmri ilə bağlı “Fəaliyyət planı”na uyğun tədbirlərin aparılmasına, fənn kurikulumlarının tətbiqinə, diaqnostik və formativ qiymətləndirməyə, dərslik və proqramların tətbiqi mexanizminə, eləcə də fənn metodbirləşmələrinin fəaliyyətinin səmərəli təşkilinə dair məsələlərlə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.
Bölmə iclaslarında qeyd edilən məsələlərə dair rəy və təkliflər də səsləndirilib.