ELM VƏ TƏHSİL
Bakıdakı uşaq bağçası 35 yaşını qeyd edib
Bakı, 2 dekabr, AZƏRTAC
Bakıdakı 175 nömrəli körpələr evi-uşaq bağçasında “Şuşa İli”nə və bağçanın yaranmasının 35 illiyinə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbirdə 175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Zemfira Əsədova körpə fidanların hərtərəfli inkişafı ilə əlaqədar həyata keçirilən uğurlu layihələrdən bəhs edib. O, 35 ildir fəaliyyət göstərən uşaq bağçasının keçdiyi inkişaf yolundan söz açıb.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etməklə milli-tarixi-mədəni və ictimai-siyasi yaddaşımızı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq nümunəsi göstərir.
M.Vəliyeva bağçanın kollektivini 35 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
Çıxış edənlər Şuşa şəhərinin azad edilməsinin Vətən müharibəsində həlledici mərhələ olduğu üçün tariximizə Zəfər Günü kimi yazıldığını bildiriblər. Balaca fidanlar Azərbaycana, vətənpərvərliyə həsr edilən şeirlər söyləyiblər. Maraqlı kompozisiyalar, rəqs və mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 272, 229, 129 nömrəli tam orta məktəblərin direktorları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.