İQTİSADİYYAT


Bakıdan Həştərxana ilk birbaşa reys həyata keçirilib

Həştərxan, 16 may, AZƏRTAC

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Rusiya Federasiyasının daha bir şəhərinə - Həştərxana birbaşa reyslər həyata keçirməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, mayın 16-da Bakıdan Həştərxana və geriyə ilk birbaşa aviareys həyata keçirilib. Aviasiyanın çoxdankı ənənəsinə görə, yeni aviareysin açılışı təyyarənin uçuş meydanında su tağından keçməsi ilə qeyd edilib. Həştərxanın Nərimanov Aeroportunda ilk reysin sərnişinlərini duz-çörək və musiqi ilə qarşılayıblar. Sərnişin tutumu 106 nəfər olan “Embraer” təyyarəsi Həştərxana 92 sərnişin gətirib.

“Buta Airways” aviaşirkətinin direktoru Nazim Səmədov da ilk reysin sərnişinləri arasında olub. Onun sözlərinə görə, Bakı və Həştərxan arasında birbaşa hava nəqliyyatının açılması şəhərləri birləşdirəcək, Azərbaycan ilə Rusiya Federasiyası arasında iqtisadi və biznes münasibətlərinin genişlənməsində mühüm rol oynayacaq.

Nazim Səmədov bildirib ki, Həştərxan loukosterin Rusiyada altıncı istiqamətidir. Aviaşirkət Bakıdan Moskvaya, Sankt-Peterburqa, Kazana, Mineralnı Vodıya və Ufaya artıq müntəzəm reyslər həyata keçirir. O deyib: “Buta Airways” uçuşların coğrafiyasını daim genişləndirir. Bu da turizmin inkişafı nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Aviaşirkətin birbaşa reyslər həyata keçirəcəyi növbəti istiqamət Batumidir”.

Aviaşirkətin Bakı-Həştərxan istiqamətində (Nərimanov Aeroportu, IATA: ASF) minimal tarifi digər istiqamətlər kimi, bir tərəfə 29 avrodur. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günlərində həyata keçiriləcək.

Biletləri aviaşirkətin rəsmi saytında (“Büdcə” və Standart” tarifləri üzrə), habelə satış ofislərində (“Super” tarifi üzrə) əldə etmək olar.

Aviaşirkət loukoster olaraq “Büdcə” minimal tarifində baqajın, əl yükünün, isti içkilərin daşınması, aeroportda qeydiyyat, habelə təyyarədə yer seçmək kimi əlavə xidmətləri pullu opsiyalar şəklində təklif edir.

Satış ofislərində satılan “Super” tarifinə 23 kiloqramadək baqajın, 10 kiloqramadək əl yükünün daşınması, habelə aeroportda pulsuz qeydiyyat daxildir.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır, uçuşa 2 saat qalmış bağlanır. Bu xidmət bütün tariflərdə pulsuzdur.

Həştərxan turistləri böyük balıq ovu vəd edən coğrafi mövqeyi ilə cəlb edir, eyni zamanda, burada Volqa çayı boyu kruizlər təklif edilir. Hisə verilmiş nərə balığına və qaxac ağ balığa biganə olan səyyahlar belə çoxsaylı memarlıq və mədəniyyət abidələrini görüb burada bir neçə gün ləngiməyə üstünlük verirlər.

Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan “Buta Airways” 2016-cı ilin dekabrında yaradılıb. Aviaşirkət ilk reysini 2017-ci il sentyabrın 1-də həyata keçirib. Aviaşirkətin hava gəmiləri donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. “Buta Airways” Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.