CƏMİYYƏT
Bakıdan Naxçıvana narkotik maddə aparmaq istəyən şəxs saxlanılıb
Bakı, 2 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Hava Nəqliyyatında Polis İdarəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1966-cı il təvəllüdlü İbrahim Ələsgərov Heydər Əliyev Beynəlxalq Aeroportunun yerli uçuşlar terminalının qarşısında saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarəyə gətirilən İ.Ələsgərovun üzərində şəxsi axtarış keçirilən zaman onda qurudulmuş marixuana aşkarlanıb. Həmin maddə tədqiq edilməsi üçün məhkəmə ekspertizasına göndərilib. Ekspertin verdiyi rəyə əsasən, həmin maddənin qurudulmuş marixuana olduğu müəyyənləşib.
Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və yaşadığı Naxçıvan Muxtar Respublikasına aparmaq istədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.