CƏMİYYƏT
Bakıdan Şamaxıya getmək istəyən koronavirus xəstəsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 13 avqust, AZƏRTAC
Yaşayış yerini tərk edərək digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan virusa yoluxmuş şəxs müəyyənləşdirilərək məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsinə COVID-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydalarını pozaraq idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhərindən Şamaxı rayonu istiqamətində hərəkət edərkən Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda saxlanılıb. Polis əməkdaşları onu təcili tibbi yardım stansiyasının həkimlərinə təhvil veriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 139.1-ci maddəsi ilə cinayət işi başlanıb.