İQTİSADİYYAT


Bakıdan Şarm əl-Şeyx şəhərinə çarter reysi açılacaq VİDEO

Bakı, 5 oktyabr, Ceyhun Alışlı, AZƏRTAC

Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysləri açılacaq. Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla "Paşa Holidays" şirkəti və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri çarter reyslərinin təqdimatına həsr edilmiş tədbirdə "PASHA Travel" şirkətinin baş direktor müavini İldırım Qəmbərov deyib.

Onun sözlərinə görə, 2018-ci ilin noyabrın 8-dən 2019-cu ilin mayın 16-dək nəzərdə tutulan uçuşlar həftədə bir dəfə, cümə axşamı günləri (Bakıdan uçuş saat 10.00, Şarm əl-Şeyxə eniş saatı 12.10-da, həmçinin Şarm əl-Şeyxdən uçuş saatı 13.10-da, Bakıya eniş saatı 18.40-da) həyata keçiriləcək. Şarm əl-Şeyxin beynəlxalq hava limanı turistlərə havalimanına çatdıqdan sonra viza almaq imkanı verəcək. Turizm paketi, dəyəri 599 ABŞ dollarından başlayaraq təyyarə bileti, hər şey daxil yeddi günlük gecələmə, transferlər və turizm sığortası kimi xidmətləri əhatə edir.

İ. Qəmbərov deyib ki, "PASHA Holidays" Azərbaycanda akkreditə olunmuş 500-dən çox turizm agentliyi ilə əməkdaşlıq edir. Şarm əl-Şeyx turlarını, habelə şirkətin digər məhsullarını tərəfdaş agentliklərin istənilən ofislərindən əldə etmək olar.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edərək son illər ölkəmizin turizm sənayesinin inkişafındakı nailiyyətlərdən danışıb. Şarm əl-Şeyx şəhərinə açılacaq çarter reysinin əhəmiyyətini xüsusi qeyd edən F.Nağıyev belə layihələrin vacibliyini vurğulayıb. “Ötən il biz Monteneqroya çarter reysi açdıq. Bu turizm sənayesində yaxşı haldır. İnanıram ki, turizmin inkişafı üçün daha böyük layihələr həyata keçirəcəyik”, - deyə F.Nağıyev vurğulayıb.

Misirin Bakıdakı səfiri Adel İbrahim Ahmed İbrahim ölkəsi ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrindən danışıb. Hər iki dövlətin turizm sənayesinin inkişafına xüsusi diqqət ayırdığını qeyd edən diplomat Şarm əl-Şeyx şəhərinə açılan reysin ölkələrimizin mövcud sahədə əməkdaşlıq əlaqələrinə töhfə verəcəyi söyləyib.

Sonda "PAŞA Holidays" tərəfindən 10 ən yaxşı satış etmiş səyahət agentlikləri mükafatlandırılıb.

Qeyd edək ki, ilk dəfə olaraq çarter reysi Monteneqroya təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.