İQTİSADİYYAT
Bakıdan Urumçi və Quancouya aviareys açılacaq VİDEO
Bakı, 10 iyun, Elvin Camalov, AZƏRTAC
İyul ayından etibarən Bakıdan Urumçi və Quancouya aviareys açılacaq.
AZƏRTAC xəbər verir ki, iyunun 10-da “China Southern Airlines” (Çin Cənub Hava Yolları) aviaşirkəti Bakı-Urumçi və Bakı-Quancou aviareysinin təqdimatını keçirib.
Təqdimatda “China Southern Airlines” aviaşirkətinin direktor müavini Çen Lixonq Azərbaycanda fəaliyyətlərinin hər iki ölkənin ticarət və turizm sahəsinə böyük töhfə verəcəyini bildirib. Azərbaycanla Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişaf etdiyini söyləyən direktor müavini fəaliyyətə başlayacaq aviareysin “İpək Yolu” layihəsinə dəstək olacağını da qeyd edib.
“Çin Cənub Hava Yolları” Çinin qərb zonasına uçmaqla bərabər, orada əsas avia infrastrukturların maliyyələşməsinə böyük dəstək verib. Avadanlıqlarını daim yeniləyən şirkətimiz artıq “Boeing 737-800” təyyarəsi ilə sərnişinlərin rahat şəkildə səyahət etməsinə nail olacaq. 2006-cı ilin mart ayından Bakı-Urumçi aviareysimiz açılmışdı. İqtisadi səbəblərə görə il yarım dayandırılan uçuşları iyul ayından yenidən bərpa etməklə yanaşı, bu xətti Quancouya qədər uzadacağıq”, - deyə Çen Lixonq deyib.
Mərasimdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin Azərbaycan və Çin xalqlarının mədəniyyətlərinin yüksək mübadiləsi və qarşılıqlı əməkdaşlıq barədə fikirlərini söyləyib. Bildirib ki, Azərbaycanda fəaliyyəti artıq başa çatır və burada çalışdığı müddətdə Azərbaycanın iqtisadi və sosial inkişafının şahidi olub. “Azərbaycan bir çox uğurlar əldə edib. Beynəlxalq səviyyədə keçirilən idman yarışlarına ev sahibliyi edərək dünya miqyasında tanınır və iqtisadi uğurları ilə yeni eranın başlanğıcını qoyur. Azərbaycan bütün xalqların birlikdə yaşaya biləcəyi bir ölkədir. Buradan xoş təəssüratlarla ayrılacağımı bildirmək istəyirəm. İyulun 3-dən fəaliyyətə başlayacaq aviareys də hər iki ölkənin sıx münasibətinə öz töhfəsini verəcək”, - deyə Xun Tsyuin vurğulayıb.
Çin Cənub Hava Yollarının Bakı ofisinin satış agenti Nərmin Babayeva yeni reys barədə ətraflı məlumat verib, şirkətin göstərdiyi xidmətin keyfiyyətindən, həyata keçirilən yeniliklərdən danışıb.
Bildirilib ki, reyslər həftədə iki dəfə olmaqla, çərşənbə və bazar günləri həyata keçiriləcək. Təyyarənin Bakıdan uçuş vaxtı 23:05, Urumçidə eniş vaxtı isə 07:00-dır. Eyni təyyarə ilə Urumçidə endikdən 2,5 saat sonra 09:40-da Quancou şəhərinə yola düşəcək və 14:35-də oraya çatacaq. Əks istiqamətdə isə Quancoudan 12:50-də hərəkət edəcək təyyarə 21:05-də Bakıda olacaq.
Bakı ofisinin satış agenti qeyd edib ki, Bakı-Quancou aviareysi ilə bilet 280 avro (gediş-dönüş), Bakı-Urumçi reysi isə 260 avro (gediş-dönüş) təşkil edir. Çəkisi 32 kiloqramadək olan yüklər pulsuz daşınır.
Həmçinin yeni aviareys vasitəsilə Şanxay, Xancou, Sinqapur, Manila və Banqkok kimi şəhərlərə getmək üçün də imkanlar yaradılacaq.
Təqdimat mərasimində Azərbaycan və Çinin milli rəqsləri və musiqilərindən ibarət proqram nümayiş etdirilib. Sonda isə tədbir iştirakçıları üçün lotereya keçirilib və qaliblərə “China Southern Airlines” aviaşirkəti tərəfindən təyyarə maketi, Bakı-Urumçi və Bakı-Quancou aviareysinə bilet hədiyyə edilib.