SİYASƏT
“Bakılı” klubunda Bakı Dövlət Konservatoriyasının məzunları ilə görüş keçirilmişdir
Bakı, 18 oktyabr (AZƏRTAC). Almaniyada Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunları ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşü Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi (AAƏM) və “Bakılı” klubu birgə təşkil etmişdir.
Görüş Azərbaycanın dahi bəstəkarı, görkəmli ictimai xadim, musiqişünas alim və pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyinə həsr olunmuşdur. Tədbirdə Akademiyanın məzunları ilə yanaşı, müxtəlif millətlərdən olan bakılılar da iştirak etmişlər.
“Bakılı” klubunun sədri Elmira Əşrəfova tədbiri açaraq qonaqları salamlamış, Ü.Hacıbəyli ilə bağlı fikirlərini bölüşmüşdür.
AAƏM-nin icraçı direktoru Samira Patzer-İsmailova Ü.Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində rolu haqqında məruzə ilə çıxış etmişdir.
Sonra Akademiyanın məzunları öz xatirələrini bölüşmüşlər.
Tədbirdə həmyerlimiz müğənni Alina Kərimova Azərbaycan bəstəkarlarının romanslarını Azərbaycan dilində böyük məharətlə ifa etmişdir. Müğənninin ifa etdiyi “Sarı gəlin” xalq mahnısı gurultulu alqışlarla müşayiət olunmuşdur.
Tədbir Azərbaycan mətbəxinin ləziz yeməkləri ilə bəzənmiş şam süfrəsi ilə başa çatmışdır.