CƏMİYYƏT
Bakının 150-dən çox mərkəzi küçəsində və şəhərətrafı rayonlarda dezinfeksiya işləri aparılıb VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Prezidentinin tapşırıq və göstərişlərinə uyğun olaraq, aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində paytaxtın 150-dən çox mərkəzi küçəsində və şəhərətrafı rayonlarda dezinfeksiya işləri aparılıb.
AZƏRTAC xəbər verir ki, genişmiqyaslı və gücləndirilmiş dezinfeksiya işləri hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq sanitariya və epidemiologiya üzrə mütəxəssislərin tövsiyələri əsasında mərkəzi küçə və prospektlərdə həyata keçirilib. Səhər saat 05:00-dan başlayan tədbirə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin əməkdaşları və xüsusi texnikası, həmçinin Daxili İşlər Nazirliyinin səkkiz avtonəqliyyatı və Fövqəladə Hallar Nazirliyinin üç texnikası cəlb olunub.
Bundan əlavə, paytaxtın kommunal xidmətlərinin 2000-dən çox əməkdaşı səkilərdə, yol kənarlarında, park və meydanlarda, avtobus dayanacaqlarında, obyektlərin qarşısında, yolkənarı məhəccərlərdə xüsusi kimyəvi maddələrlə tibbi-profilaktiki işlər aparıblar.
Qeyd edək ki, departamentin balansındakı yaşayış binalarının giriş blokları və pilləkənlərində, liftlərdə, məişət tullantılarının konteyner meydançalarında, həyətlərdə, idman-əyləncə qurğularında gündə iki dəfə tibbi-profilaktik və dezinfeksiya tədbirləri görülür.
Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri bundan sonra da gücləndirilmiş qaydada davam etdiriləcək.