İQTİSADİYYAT


Bakının 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsinə dair müqavilə imzalanıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Heydər Əliyev Mərkəzində ölkəmizdə səfərdə olan Beynəlxalq Astronavtika Federasiyasının (IAF) nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, ikitərəfli görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə uğurlu peyk layihələri sayəsində Azərbaycanın dünya kosmik ailəsinin bir üzvünə çevrildiyini bildirib.

“Məhz bunun nəticəsidir ki, Beynəlxalq Astronavtika Konqresi kimi vacib tədbir 50 il sonra yenidən Bakıda keçiriləcək”, - deyə görüşdə vurğulanıb.

Qeyd olunub ki, bu tədbir Azərbaycanla yanaşı, qonşu ölkələrə, o cümlədən IAF üzvü olmayan dövlətlərə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkan yaradacaq.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd çıxışında “Azərkosmos”a sıx əməkdaşlığa görə təşəkkür edib.

“Mən əminəm ki, 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik arenadakı mövqeyində önəmli iz buraxacaq və ölkənin qlobal kosmik sənayesinin hərəkətverici qüvvələrindən biri olmasına təkan verəcək”, - deyə federasiya prezidenti vurğulayıb.

Görüş çərçivəsində “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyası arasında 2023-cü ildə Bakı şəhərinin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi ilə bağlı müqavilənin rəsmi imzalanma mərasimi keçirilib.

Müqaviləni “Azərkosmos” ASC-nin sədri Saməddin Əsədov ilə Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd imzalayıb.

İmzalanma mərasimindən sonra Astronavtika Federasiyasının nümayəndə heyətinin də iştirakı ilə media təmsilçiləri üçün brifinq keçirilib və onların sualları cavablandırılıb, brifinq iştirakçıları Azərbaycanda keçiriləcək Konqresin ölkəmiz və beynəlxalq kosmos arenasına əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan agentlik, şirkət və təşkilatların dünyadakı qabaqcıl tərəfdaşları ilə daha sıx əlaqələrin qurulması, regiona kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, insan kapitalının inkişafı, eləcə də ölkəmizin beynəlxalq arenada “regionun kosmik mərkəzi” və etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.

Xatırladaq ki, 2019-cu ildə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında Bakı şəhəri 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Dehli şəhərləri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.