İDMAN
Bakının “Azəryol” komandası CEV kuboku yarışlarının yarımfinal mərhələsi çərçivəsində ilk görüşünü keçirmişdir VİDEO
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Bakının qadın voleybolçulardan ibarət “Azəryol” voleybol komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının yarımfinal mərhələsi çərçivəsində ilk görüşünü keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Türkiyədəki Burhan Fələk İdman Salonunda keçirilən yarışda “Azəryol” yerli “Fənərbaxça” komandası ilə qarşılaşmışdır.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində faciənin 22-ci ildönümü ilə əlaqədar “Azəryol” klubunun təşəbbüsü, Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə voleybolçularımız meydançaya qara sarğı və “Xocalıya ədalət!” şüarı yazılmış plakatla çıxmışlar. Bütün tamaşaçılar isə üzərində “Xocalıya ədalət” yazılmış köynəklər geymişlər. Məqsəd bu dəhşətli faciəni dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq olmuşdur.
Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Fransalı baş hakim Yanik Çaladanın idarə etdiyi görüş 3:0 hesabı ilə “Fənərbaxça”nın xeyrinə başa çatmışdır.
Komandalar arasında cavab görüşü bir həftə sonra Azərbaycan Voleybol Mərkəzində keçiriləcəkdir.