İQTİSADİYYAT


Bakının Baş planının ilkin layihəsi aidiyyəti qurumlarda müzakirə edilir

Bakı, 16 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərinin hazırlanması davam etdirilən Baş planının ilkin layihəsi ictimaiyyətin tanış olması və müvafiq rəylərin toplanması üçün virtual sərgi formatında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsində (“www.arxkom.gov.az”) təqdim olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, sənədin təkmilləşdirilməsi prosesi çərçivəsində komitə tərəfindən sözügedən ilkin layihənin aidiyyəti təşkilatlarda və ixtisaslaşmış dairələrdə təqdim olunaraq müzakirəsi də təşkil edilir.

Belə ki, oktyabrın 15-də bu məqsədlə Bakı Nəqliyyat Agentliyində görüş keçirilib. Görüşdə Baş plana əsasən, paytaxtın yeni nəqliyyat sistemi və küçə-yol şəbəkəsinin 2020-2040-ci illər ərzində inkişafı hədəfləri haqqında təqdimat edilib, Bakı sakinlərinin mobilliyini təmin etmək məqsədilə sənəddə öz əksini tapmış çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi, mühəndis-kommunikasiya təminatı sistemləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib. Vurğulanıb ki, bu hədəflərin reallaşması məqsədi ilə Baş planda küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, velosiped yolları şəbəkəsinin qurulması, xüsusi avtobus zolaqları sisteminin genişləndirilməsi və yeni tranzit qovşaqlarının yaradılması, metro, dəmiryolu nəqliyyatının inkişaf etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən paytaxtın Baş planının yekun layihəsinin hazırlanması işi çərçivəsində digər aidiyyəti qurumlarla da müvafiq təqdimat və müzakirələrin keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.