İQTİSADİYYAT
Bakının Nizami rayonunun Mehdi Abbasov küçəsində yol çöküb
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də səhər saatlarında paytaxtın Nizami rayonunun Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Dərhal hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub. Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çirkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.
Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində konkret işlər görüləcək.
Qeyd olunub ki, küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.