CƏMİYYƏT
Bakının Səbail rayonunda silah aşkarlanıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də saat 16:16-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsində silahın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd istifadəyə yararlı RPQ-7V1 silahı aşkarlanıb. Silah götürülərək agentliyin müvəqqəti saxlama ərazisinə daşınıb.
Silahın tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və ya qurğu aşkarlanmayıb.