İQTİSADİYYAT
Bakının Suraxanı və Pirallahı rayonlarında günəş elektrik stansiyalarının tikintisi sürətlə aparılır VİDEO
Bakı, 19 aprel (AZƏRTAC, Nihat Budaqov). Prezident İlham Əliyevin bu il yanvarın 17-də imzaladığı “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin qarşısına “Alternativ və bərpa olunan enerji mənbələrinin və enerjidən səmərəli istifadənin tətbiqinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi” vəzifəsi qoyulmuşdur.
Bundan sonra Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar arasında bu tapşırıqların icrası üçün bir sıra layihələrin reallaşdırılması barədə razılaşmalar əldə olunmuşdur.
Aprelin 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqində respublikadakı alternativ mənbələr hesabına enerji hasilatının artırılmasına dair konkret tapşırıqlar verilmişdir.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu ayın əvvəlindən etibarən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Bakının Suraxanı rayonunda yeni “Suraxanı” Günəş Elektrik Stansiyasının inşasına başlanılmışdır. Stansiyanın tikintisi üçün 6 hektar ərazi ayrılmışdır. Hazırda stansiyanın 1,5 meqavat gücə malik ilkin mərhələsinin tikintisi reallaşdırılır. Layihənin podratçı şirkəti olan “Xəzər” Gənclər Elmi-Texniki Yaradıcılıq Mərkəzinin 80 nəfərlik işçi qüvvəsinin çalışdığı ərazidə tikinti işləri sürətlə aparılır. Layihənin ilkin mərhələsinin may ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Ümumi gücü 2,8 meqavat olacaq günəş elektrik stansiyasının tam istifadəyə verilməsi isə ilin sonuna planlaşdırılmışdır. Bundan sonra bu günəş elektrik stansiyasında istehsal olunacaq enerji “Bakelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin şəbəkəsinə qoşulacaqdır.
AZƏRTAC xəbər verir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu ilə yanaşı, Pirallahı rayonunun enerji təchizatının yaxşılaşdırılması istiqamətində də işlər sürətlə aparılır. Ayın əvvəllərindən rayonda “Pirallahı” Günəş Elektrik Stansiyasının tikintisinə başlanılmışdır. Hazırda inşası üçün 6 hektar ərazi ayrılmış stansiyanın ilkin mərhələsinin tamamlanması istiqamətində işlər intensiv şəkildə həyata keçirilir.
İlkin mərhələdə 1,2 meqavat gücə malik stansiya istifadəyə veriləcəkdir. Artıq stansiyada günəş panellərinin 30-40 faizi quraşdırılmışdır. Bu mərhələdə 4 min günəş panelinin quraşdırılması nəzərdə tutulmuşdur. Ərazidə “Xəzər” Gənclər Elmi-Texniki Yaradıcılıq Mərkəzinin 80 nəfərlik işçi qüvvəsi çalışır. Günəş elektrik stansiyasının ilkin mərhələsinin inşasının may ayında tamamlanması planlaşdırılmışdır. İlin sonunda isə stansiyanın tam istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Həmin günəş elektrik stansiyası Pirallahı adasında ilk stansiya olacaqdır. Bu da rayonun enerji təchizatının etibarlılığının təmin olunmasına öz müsbət təsirini göstərəcəkdir.
Hər iki günəş elektrik stansiyanın inşasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində inşa edilmiş “Azgüntex” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunmuş günəş panellərindən istifadə edilir.
Gələcəkdə Pirallahı rayonunda külək elektrik stansiyalarının da tikintisi nəzərdə tutulmuşdur. Artıq ərazidə 80 metr hündürlüyündə ölçü müşahidə stansiyası quraşdırılmışdır. Quraşdırılacaq külək elektrik stansiyasının tipini, gücünü və sayını təyin etmək üçün hazırda ərazidə ölçü işləri aparılır. Müşahidə stansiyası il ərzində fasiləsiz olaraq küləyin sürətini, günəşin isə radiasiyasını ölçür. Ölçü işlərinin yekununa əsasən külək qurğularının yeri, gücü və sayı müəyyən olunacaqdır.
Bununla yanaşı, Pirallahı adasındakı neft ehtiyatları nəzərə alınaraq Dövlət Agentliyi tərəfindən buradakı yataqlardan çıxan səmt qazının toplanılaraq elektrik enerjisinə çevrilməsi nəzərdə tutulmuşdur. Bu qurğuların istifadəyə verilməsi ilə atmosferə atılan səmt qazının miqdarı azalacaqdır.
Gələcəkdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində, Abşeron, Siyəzən və Qobustan rayonlarında alternativ enerji mənbələri hesabına yeni stansiyaların inşası nəzərdə tutulmuşdur. Artıq Qobustan rayonunda da yeni günəş elektrik stansiyasının tikintisinə başlanılmışdır.
Bütün bunlar Prezident İlham Əliyevin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin qarşısında qoyduğu vəzifələrin böyük əzmlə və uğurla icra olunduğunu sübut edir.