İQTİSADİYYAT
Bakının daha iki küçəsinin bir hissəsi təmir edilib VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Yasamal rayonu Həsən Məcidov və Nizami rayonu Nəsimi küçələrinin bir hissəsi təmir edilib.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nizami rayonu Nəsimi küçəsinin təqribən 600 metrlik hissəsi, daha dəqiqi Qara Qarayev prospekti ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyədək olan hissəsində təmir işləri aparılıb. Küçənin eni ortalama 13 metrdir.
Təmir işləri çərçivəsində yolun 7850 kvadratmetr ərazidə köhnə asfalt-beton örtüyü tam olaraq yenilənib, mövcud səkilər bərpa olunaraq asfaltlanıb, kənarlarına 1135 poqonmetr yeni səki daşı düzülüb, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəz olunub. Bundan başqa zəruri olan yerlərdə yol nişanları qoyulub, piyada zolaqları çəkilib və yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.
Analoji işlər Yasamal rayonu Həsən Məcidov küçəsində də aparılıb. Sözügedən küçənin Həsən bəy Zərdabi və Zahid Xəlilov küçələri arasında yerləşən təqribən 200 metrlik hissəsi təmir olunub. Sözügedən küçənin 5 min kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib.
Qeyd edək ki, Həsən Məcidov küçəsinin eni 25 metr təşkil edir.